AzərTAc xəbər verir ki, üçgünlük konfransda Avrasiya regionunda arxeologiya elminin inkişafı, son tədqiqatların nəticələri, arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləri müzakirə olunur. Müzakirələrdə Türkiyədən, Rusiyadan, İtaliyadan, Özbəkistandan və bir sıra digər xarici ölkələrdən gəlmiş alimlər, arxeoloq və etnoqraflar iştirak edirlər.
Konfransın ikinci iş gününü AMEA-nın müxbir üzvü Vəli Əliyev açmışdır. Tədbirin beynəlxalq əhəmiyyətini diqqətə çatdıran akademik V.Əliyev Avrasiya məkanında əməkdaşlığın aparılan tədqiqatların nəticələrinə ciddi təsir göstərdiyini vurğulamışdır. Natiq son illər Azərbaycanda arxeoloji tədqiqatların uğurlu nəticələrindən, bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Konfransda Azov Tarixi, Arxeoloji və Paleontoloji Muzey-Qoruğun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İrina Qusaç “Türk qalası Azov qazıntılarından yeni tapıntılar”, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Hidayət Cəfərov “Palıdlı nekropolunda arxeoloji tədqiqatların ilkin nəticələri”, MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Ağsu təcrübəsi – Miras İctimai Birliyinin arxeoloji tədqiqatları nəticəsində aşkara çıxarılan mədəni irs nümunələrinin tədqiqi, konservasiyası, mühafizəsi və təbliği sahəsində fəaliyyəti”, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu Elmi-Mədəni Mərkəzinin arxeologiya üzrə baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva “Türk dilindən rus dilinə keçən bəzi numizmatik terminlər haqqında”, Rusiya Federasiyası Novosibirsk Dövlət Universitetinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Alisa Borisenko “XVIII əsrdə avropalı alimlər tərəfindən Cənubi Sibirdə qədim türk əşyalarının öyrənilməsi”, Rusiya Federasiyası Kazan Dövlət Universiteti Arxeologiya Muzeyinin əməkdaşı Alsu Nurətdinova “Toretz yaşayış yerində dulusçuluq emalatxanası” və digər mövzularda çıxış etmişlər. Çıxışlarda Avrasiya regionunun dünyanın ən qədim və zəngin bölgəsi sayıldığı, ilk insan məskənlərinin salındığı, sivilizasiyanın erkən nümunələrinin yaradıldığı bir məkan olduğu, bütün bunların isə aparılan arxeoloji qazıntılar nəticəsində öz təsdiqini tapdığı vurğulanmışdır. İrina Qusaçın Türk qalası olan Azovda aparılan arxeoloji qazıntılarla bağlı yeni tapıntılar barədəki söylədikləri böyük diqqətlə dinlənilmiş, XV-XVII əsrlərdə Osmanlı imperiyasının tarixi ilə bağlı yeni maraqlı məlumatlar maraqla qarşılanmışdır. Qalada yeni tapılan iki türk yaşayış binası və türklərə dair məişət əşyaları, XVII-XVIII əsrlərə aid türk qəlyanları, onların üzərindəki latın hərfləri və s. regionun o dövrkü tarixi barədə xeyli bilgi vermişdir. Avropalı arxeoloqların Sibirdə apardıqları arxeoloji tədqiqatlarda qədim türk tayfaları ilə bağlı xeyli məlumat əldə edilmişdir. Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Dağlıq Qarabağda, xüsusilə Xocalı, Şuşa və digər yerlərdə açılan kurqanlardakı arxeoloji tapıntılar ölkənin qədim və orta əsrlər tarixinin daha dərindən öyrənilməsinə samballı töhfələr vermişdir.
Konfransdakı ən maraqlı çıxışlara Qafqaz və Orta Asiya Araşdırmaları Mərkəzi və MİRAS İctimai Birliyi tərəfindən xatirə hədiyyələri verilmişdir.
Konfrans iştirakçıları axşamüstü Lahıc qəsəbəsinə getmişlər.
Oktyabrın 4-də konfrans işini davam etdirəcəkdir. |