Xəbərlər

AZE
ENG
TUR
RUS

Ağsuda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır
3-10-2012

 

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə bu şəhərdən 4-5 kilometr cənub-şərqdə yerləşən Orta əsr Ağsu şəhər qalıqları kompleksində olmuşlar. Burada folklor nümunələrindən ibarət zəngin repertuarlı konsert proqramı təqdim edilmişdir. 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev konfrans iştirakçılarına Orta əsr Ağsu şəhər qalıqlarında aparılan arxeoloji tədqiqatlar və onun nəticələri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, burada ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Əsasən kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri burada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğunu göstərmişdir. 
Son illərdə isə "Miras" İctimai Birliyinin təşəbbüsü, Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən geniş tədqiqatlara başlanılmış və orta əsr Azərbaycan tarixinin, o dövr şəhər mədəniyyətinin öyrənilməsinə dair xeyli maddi-mədəniyyət nümunələri əldə olunmuşdur. 
Məlumat verilmişdir ki, 1735-ci ildə Nadir Şahın əmri ilə salınmış və 20 il Şirvanşahlar dövlətinin mərkəzi olan ovaxtkı Ağsu şəhəri böyük inkişaf yolu keçmişdir. Bu yaxınlarda qazıntı ərazisində aşkara çıxarılan 8 metr dərinliyində ərzaq anbarı, buradan tapılan 37 ədəd qızıl sikkə (Holland dukatları) və Şirvanşahlara məxsus gümüş sikkələrdən ibarət dəfinələr Ağsunun geniş əlaqələrinin bariz nümunəsidir. 
Sonra konfrans iştirakçıları ayrı-ayrı qazıntı sahələri, habelə "Azərbaycan kərpic memarlığı" rəsm sərgisi ilə tanış olmuşlar. Burada onlara arxeoloji tədqiqatların nəticələri barədə geniş məlumat verilmişdir. 
Ağsu şəhərindəki mədəniyyət sarayında keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin Doqquz Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Semih Çüneri, Rusiya Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktor müavini Lüdmila Sokolova, İtaliya Ali Bərpa Mərkəzinin nümayəndəsi Ernesto Borrelli, "Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivlərindən söhbət açmışlar. Regionun tarixinin daha dərindən öyrənilməsində arxeoloji tədqiqatların ən etibarlı mənbə olduğu qeyd edilmiş, son illərdə Azərbaycanda bu sahədə böyük işlərin görüldüyü diqqətə çatdırılmışdır. 
Daha sonra konfrans iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində və İsmayıllı rayonunun Basqal qəsəbəsindəki ipəkçilik sexində olmuşlar. 
Oktyabrın 3-də konfrans öz işini davam etdirəcəkdir.
 
 

 

Oxunub : 1601